16 Aralık 2014 Salı

“Qalx ayağa, Azərbaycan!” (M.Araz)

Qədim və şanlı tarixi olan Odlar yurdu Azərbaycan öz təbii və mənəvi sərvətləri ilə həmişə zəngin və səxavətli olmuşdu. Onun bitib-tükənməyən qara qızılı, kəhrəba buğdası, dadlı-ləzzətli meyvələri, sərin, şəfalı yaylaqları hamını heyrətə gətirmişdir. Neçə-neçə  xalqın görkəmli elm və sənət xadimləri yurdumuz qarış-qarış gəzmiş, bu möcüzələr aləminin gözəlliklərinə vurğun kəsilərək, əsrlər boyu onu ürək və ilhamla tərənnüm etmişlər.

Bəli, təbiət öz bolluğunu və səxavətini heç vaxt bu torpaqdan əsirgəməmişdir. Bu torpağın insanları da dost ürəkli, qonaqsevərdirlər. Onlar son tikələrini də dostla bölməyə, özləri çətinə düşsələr də, başqasını çətinlikdən qurtarmağa hazırdırlar. Amma nə edəsən ki, təbiətin səxavəti, yurdumuzun sərvəti, eləcə də, xalqımızın kin-küdurətsiz saf qəlbi həmişə başımıza bəla olmuş,  çox vaxt dost dediyimiz kəslərdə naxələflik görmüşük. Çörəyimizi yeyib suyumuzu içən, üzdə özünü dost kimi göstərib daxildə türkə qənim kəsilən alçaq xislətli erməniləri tanımamış,onların xəbis niyyətlərindən xəbər tutmamışıq. “ Böyük Ermənistan” xülyasına qapılan ermənilər Rusiya imperiyasına arxalanaraq doğma yurdumuzun iyirmi faiz ərazisini qəsb etmiş, bir milyon yurddaşımızı öz torpaqlarından qovaraq qaçqına çevirmişlər. Qarabağımıza, Cıdır düzünə, İsa bulağına həsrət qalmışıq.

Əzilmişik, amma üzülməmişik. Qəhrəman oğulları, qeyrətli qızları olan bir xalq heç zaman sına bilməz, əyilə bilməz. Çox keçməyəcək ki, Azərbaycan oğlu kükrəyərək yerindən qalxacaq, əsl hərb meydanını düşmənə göstərəcəkdir. Ya odlara yanmalı, ya da Vətənimiz Azərbaycanın ən dilbər guşəsi olan Qarabağı yağı əlindən xilas etməliyik. Ya şəhid olmalı, ya da Koroğlu cəsarətini, Babək vüqarını düşmənə göstərməliyik.
Millətimiz öz yurdunda əsir-yesir,
Bu musibət ürəklərdə sanki bir dağ,
Ayağa dur, Vətən oğlu, bayrağını
Düşməninin düz gözünün içinə çax!
Biz bu günün şagirdi, sabahın müstəqil dövlət qurucularıyıq. Ürəkdən inanırıq ki, çox tezliklə torpaqlarımız yağı əsarətindən xilas ediləcək, düşmən üzərində qələbə qazanılacaqdır. Bu qələbədə isə biz də iştirak edəcəyik. Biz vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizə güvənir və bizdən hünərlər gözləyir.

Mən Vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə hazıram. Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Əgər bu ürək:
Vətənimçin lazım gəlsə,
Polad kimi gərilməsə,
Torpağına sərilməsə,
Demək, o heç üərk deyil,
O heç mənə gərək deyil.

Hiç yorum yok:

Yorum Gönder