16 Aralık 2014 Salı

Musiqi beşiyi Qarabağ düşmən tapdağında


Kür-Araz mədəniyyətinin bəhrələndiyi əsas bölgələrdən biri də Qarabağdır. Aranlı-dağlı, bir ucu Mil düzündə, bir ucu Laçın, Kəlbəcər dağlarında, Qoşqar və Dəlidağda olan Qarabağ!

Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qarabağ - Natəvanın, Vaqifin, Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyirin, Bülbülün, Xan Şuşinskinin, Qaryağdıoğlunun vətənidir. Qarabağ aranlı-dağlı bir diyardır. Günçıxandan-günbatana düzəngahlardan dağlara doğru gedəndə uzun müddət üfüqlərin düzlüyü adamı heyrətə salır. Bu düzlüyü kəndlərin, qocaman qovaqların yollar boyu uzanan sıraları pozur.  Qarabağın bütün yolları adamı Şuşaya – Qarabağın balaca hərisinə aparır. Çox təəssüf ki, bu yolların həsrəti bizi yandırıb yaxır.
Qarabağ musiqi beşiyidir! Vaxtilə Şuşa “ Zaqafqaziyanın konservatoriyası” adlanmışdır.
Kim “Qarabağ bülbüllərinə” qulaq asmayıbsa, o, hələ insanın bütün ruhu ilə musiqidə əriməsinə, musiqiyə qovuşub yaz havasına çevrilməsini görməyib. Hər dəfə bu Bülbülləri dinləyəndə, adama elə gəlir ki, oxuyan Azərbaycan xalqının ruhudur. Bu səslər də min illər boyu bu torpaq uğrunda qurban getmiş igidlərin ürək atəşini, elin bütün arzularını, bitib tükənməyən bir səadət, xoş gün axtarışını, qısa ömrün çarəsiz aqibətini duyursan. Sanki bu səsdən dağların, meşələrin, milyon rəngli çəmənliklərin və lal quyuların naləsi var.
Qarabağ – başı bəlalı torpağım! Namərd düşmən tapdağı altında qalan, göz yaşı tökən, darmadağın olan imdad diləyən, igidlərini səsləyən torpağım! Düşmən bu gün sinən üstündə at oynadır. İsa bulağı, Şuşa Qalası, Xankəndi, Laçın, Kəlbəcər qan ağlayır.
Bəli, Qarabağ qan ağlayır. On beş ildən artıqdır ki, Azərbaycanın taxt-tacı olan Qarabağ guşəsi, onun ürəyi olan Şuşa və s. Düşmən tapdağı altındadır. Bu neçə illər ərzində Azərbaycanın səfalı, güllü-çiçəkli rayonları, kəndləri, şəhərləri zəbt olunub. Qanlı döyüşlərdə neçə min əhali yurd-yuvasından, öz isti ocaqlarından didərgin düşüb, necə min igid oğullarımız qəhrəmancasına həlak olub, neçə-neçə oğul və qızlarımız, ağsaqqal atalarımız, ağbirçək analarımız düşmən tərəfindən əsir alınıb. Hətta beşikdə, isti ana nəfəsinə, ana laylasına möhtac olan körpələr namərd düşmən tərəfindən dözülməz işgəncələrlə öldürülüb. Hamısı vicdanını pula satan, şərəfsizlərin ucbatından.
Zaman gələcək torpaqlarımız da geri qayıdacaq, dağılanlar isə yenidən tikiləcək. Natəvanın nəfəsi, Vaqifin, Üzeyirin, Bülbülün incimiş ruhları şad olacaq!
Ulu tanrıdan arzumuz budur ki, təki o gün tez olsun. Qoy bizə pənah gətirən bacı və qardaşlarımız Şuşada, Qarabağda Üzeyirin və Bülbülün mahnısını oxusunlar. Zakirin, Vaqifin, Natəvanın şerlərini söyləsinlər!

Hiç yorum yok:

Yorum Gönder