16 Aralık 2014 Salı

İnsan əməklə ucalır

Hələ lap qədim zamanlardan əmək bəşər həyatının əsasını təşkil etmiş, insanın məhz insan kimi formalaşmasında həlledici mahiyyət daşımışdır. İbtidai insanlar zəruri faydalı əməklə məşğul olmuş və öz tələbatlarını onunla ödəmiş, zəruri yaşayış nemətlərini, əşyalarını onunla əldə etmişlər.

Əmək insan həyatının əsasını təşkil edir. Təsadüfi deyil ki, tarix boyu xalq arasında əməyə dair çoxlu atalar sözü və məsəllər yaranmış, bir çox sənətkarlarımız öz əsərlərində əməyi tərənnüm etmiş, əməkçi insan surətləri yaratmış, əməyin xariqələr yaradan qüdrətindən bəhs etmişlər.

“İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Əmək xoşbəxtliyin açarıdır” və s. kimi hikmətli kəlamlar çox maraqlı xalq deyimləridir. Dahi şairimiz Nizmi Gəncəvi öz əsərlərində əmək adamlarını dərin məhəbbətlə təsvir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəti çox maraqlıdır. Burada göstərilir ki, Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış. O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocanın yanına gələrək bir qarın çörək üçün belə bir ağır zəhmət tələb edən işlə məşğul olmamasını ona məsləhət bilir. Qoca kişi cavan oğlanın məsləhətindən narazı qalaraq ona belə cavab verir:
Cavansan, belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə.
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac.
Onun üçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.
Qocanın haqlı və ədalətli sözləri gəncə çox böyük təsir göstərir və o, hərəkətindən peşman olaraq üzr istəyərək çıxır gedir.

Nizaminin qocanın dili ilə dediyi sözlərdən göründüyü kimi, şair əməyə insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır. Nizami həyatın mənasını zəhmətdə görür və göstərir ki, insan gərək əməyi sevsin və bununla da ən fəal insanların cərgəsinə daxil olsun. Zəhmətə alışmış hər kəs həyatın da əsl mənasını və gözəlliyini dərk edə bilər.

Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. Ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır. Bu adamların hamısı öz əməkləri ilə ucalmış, cəmiyyətimizin adlı-sanlı adamlarına çevrilmişlər. Mən əminəm ki, vətənimiz həmişə şərəfli əməklə ucalacaq, tərəqqi edəcəkdir.

1 yorum:

  1. əmək xoşbəxtliyin açarıdır xahis ederim bu basliqdada insa yazin

    YanıtlaSil