16 Aralık 2014 Salı

Novruz milli bayramımızdır

Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözünü, nə bir nəğməsini yazıya alıblar. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər.
Azərbaycan xalqı erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yaddaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, ibtidai təsəvvürlərlə bağlı ayin, etiqad, ənənə və mərasimlərlə bəzənmişdir.

"Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz." N.Gəncəvi

Yer üzərində ən böyük varlıq insandır. Insanda isə ən qiymətli sərvət aöıl, bilik və elmdir. Məhz bunlarla insanlar yetişir, kamilləşirlər. Elmli, savadlı insan həmişə sənət və hünər əldə edib yaxşı ad qazanmağa, özündən sonra gələcək nəsillərə xeyirli bir iz qoymağa çalışır. Bütün bunlara ancaq elmin gücü ilə yiyələnmək olar. Elmin, biliyin, ictimai vərdişlərin yükü nə qədər ağır olsa da, insan həyatda inamla yaşayır.  
Elm ağlın çırağı, insanın əsl üstünlüyüdür. Həyatın, kainatın insanlararası münasibətlərin bütün sirrlərinin açarı elmdir.

Ana haqqı-tanrı haqqı

Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Bəşər  nəsli yarandığı ilk gündən bu munis qayğıya möhtac olmuşdur və indi də olmaqdadır. Ana haqqı-tanrı haqqı, ana qucağ- behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdə istidir ana qucağı.           

Azərbaycan gələcəyi

Vətən! Mənim ana yurdum, ana məskənim! Sən bir gülüstansan, sinəsi laləli, köksü nərgizli bir  çəmənsən. Biz də səninlə çiçəklənirik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan əzizsən, munissən, müqəddəssən. Bizi dünyaya gətirin doğma anamız kimi.
Vətənin, yurdun müqəddəsliyi öz xalqını, öz elini, obasını, yaşadığı torpağı ürəkdən sevən hər bir şəxs üçün ən ümdə arzu, ən ali istək, ən yüksək amaldır.
Vətən! Azadlıq! Azad olmayan vətən azad vətəndaş ola bilməz.Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin, inkişafın əsasıdır. Azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının qanı və canı bahasına əldə edir.

Azərbaycan müstəqil respublikadır

Vətən! Bu kəlmə təmiz ürəklər  qədər safdır, pakdır, müqəddəsdir. Bu deyim sevənlərin gözləri tək şəffafdır, təmizdir, aydan arı, sudan durudur. Bu söz ana südü kimi şirindir. Ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır.
                                                                                                    
Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodaqlarından qopub?! Doğulub boya-başa  çatdığımız torpaq, doğma yurd, doğma od-ocaq yri barədə deyilən “vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss etmişik, özümüz duymuşuq. Müqəddəs bir varlığa-anaya olan məhəbbətimizi ona da şamil etmişik. Ona da ana demişik: Ana Vətən! Azərbaycan! Odlar yurdu! Odlar Ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!

Dünənimiz, bu günümüz, sabahımız

Birbaşa bu günümüzdən başlamaq istəyirəm. Dünənimizi heç birimiz unutmamışıq və bu günümüzdən fəxrlə keçib sabahlar addımlayırıq. Bu günümüzün fəxarət dünyası, örnək ocağı, güvənc yeri isə müstəqilliyimiz, istiqlalımız, azadlığımızdır.
Artıq neçə ildir ki, vətənimiz Azərbaycan müstəqildir, azad, suveren bir dövlətdir. Amma bu sözü dilə gətirmək üçün qərinələr, əsrlər lazım gəlib bizə. Babəklərin qolu kəsilib, Nəsimilərin dərisi soyulub, sürgünlər, qətllər, həbslər tüğyan edib, ağzından od püskürən, gözlərindən qan daman imperiyaların caynaqlarının əsiri olub Azərbaycan. Yağılar tərəfindən yağmalanıb, məkrli niyyətlərin ünvanı olub, süfrələrə təam kimi gətirilib Azərbaycan.

Vətən qarşısında öz borcumu nədə görürəm

Sultan Hüseyn Bayqara şöhrət günəşinin üfüqə enən çağında Şah İsmayıl Xətaiyə səmimi bir məktub yazır və könlünü alma üçün ona rəqqasələr dəstəsi göndərir. Şah İsmayıl isə saray rəqqasələrinə baxıb başının bulayır və deyir: “Mənim eyş-işrətə vaxtım yoxdur. Mən vuruş adamıyam, gərək rahatlanmadan məmləkətimin ətrafına at cövlan etdirəm.” 
Bu sözləri xatırlayanda insan qəlbindən həzin bir titrəyiş keçir. Belə ruha, belə məsləyə heyran qalmamaq olmur. Kövrəlirsən, qürurlanırsan, fəxr edirsən öz keçmişinlə, ulu babamızın Xətainin odlu-alovlu qəlbi ilə, polad tək möhkəm Vətən qeyrəti ilə. Lakin bu güc, bu məram təkcə Şah İsmayıl Xətainindimi?