16 Aralık 2014 Salı

Novruz milli bayramımızdır

Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözünü, nə bir nəğməsini yazıya alıblar. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər.
Azərbaycan xalqı erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yaddaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, ibtidai təsəvvürlərlə bağlı ayin, etiqad, ənənə və mərasimlərlə bəzənmişdir.

"Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz." N.Gəncəvi

Yer üzərində ən böyük varlıq insandır. Insanda isə ən qiymətli sərvət aöıl, bilik və elmdir. Məhz bunlarla insanlar yetişir, kamilləşirlər. Elmli, savadlı insan həmişə sənət və hünər əldə edib yaxşı ad qazanmağa, özündən sonra gələcək nəsillərə xeyirli bir iz qoymağa çalışır. Bütün bunlara ancaq elmin gücü ilə yiyələnmək olar. Elmin, biliyin, ictimai vərdişlərin yükü nə qədər ağır olsa da, insan həyatda inamla yaşayır.  
Elm ağlın çırağı, insanın əsl üstünlüyüdür. Həyatın, kainatın insanlararası münasibətlərin bütün sirrlərinin açarı elmdir.

Ana haqqı-tanrı haqqı

Dünyada ana məhəbbəti qədər müqəddəs, ana sevgisi qədər ülvi bir hiss yoxdur. Bəşər  nəsli yarandığı ilk gündən bu munis qayğıya möhtac olmuşdur və indi də olmaqdadır. Ana haqqı-tanrı haqqı, ana qucağ- behişt guşəsidir. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur. Dünyanın ən gözəl musiqisi ana laylası, ən şirin ətri isə ana nəfəsidir.
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdə istidir ana qucağı.           

Azərbaycan gələcəyi

Vətən! Mənim ana yurdum, ana məskənim! Sən bir gülüstansan, sinəsi laləli, köksü nərgizli bir  çəmənsən. Biz də səninlə çiçəklənirik. Səpilmişik sinən üstünə. Sən bizə doğmasan əzizsən, munissən, müqəddəssən. Bizi dünyaya gətirin doğma anamız kimi.
Vətənin, yurdun müqəddəsliyi öz xalqını, öz elini, obasını, yaşadığı torpağı ürəkdən sevən hər bir şəxs üçün ən ümdə arzu, ən ali istək, ən yüksək amaldır.
Vətən! Azadlıq! Azad olmayan vətən azad vətəndaş ola bilməz.Vətən azadlıq simvolu, müstəqillik rəmzidir. Azadlıq, müstəqillik isə tərəqqinin, inkişafın əsasıdır. Azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının qanı və canı bahasına əldə edir.

Azərbaycan müstəqil respublikadır

Vətən! Bu kəlmə təmiz ürəklər  qədər safdır, pakdır, müqəddəsdir. Bu deyim sevənlərin gözləri tək şəffafdır, təmizdir, aydan arı, sudan durudur. Bu söz ana südü kimi şirindir. Ana qucağı qədər əziz, ana nəfəsi tək doğmadır.
                                                                                                    
Vətən! Bu söz ilk dəfə kimin dilindən çıxıb, kimin dodaqlarından qopub?! Doğulub boya-başa  çatdığımız torpaq, doğma yurd, doğma od-ocaq yri barədə deyilən “vətən” kəlməsinin müqəddəsliyini zaman-zaman özümüz hiss etmişik, özümüz duymuşuq. Müqəddəs bir varlığa-anaya olan məhəbbətimizi ona da şamil etmişik. Ona da ana demişik: Ana Vətən! Azərbaycan! Odlar yurdu! Odlar Ölkəsi! Ürəyi alovlu, sinəsi günəşli doğma vətənim! Bütün qəlbimlə sevdiyim diyarım mənim!

Dünənimiz, bu günümüz, sabahımız

Birbaşa bu günümüzdən başlamaq istəyirəm. Dünənimizi heç birimiz unutmamışıq və bu günümüzdən fəxrlə keçib sabahlar addımlayırıq. Bu günümüzün fəxarət dünyası, örnək ocağı, güvənc yeri isə müstəqilliyimiz, istiqlalımız, azadlığımızdır.
Artıq neçə ildir ki, vətənimiz Azərbaycan müstəqildir, azad, suveren bir dövlətdir. Amma bu sözü dilə gətirmək üçün qərinələr, əsrlər lazım gəlib bizə. Babəklərin qolu kəsilib, Nəsimilərin dərisi soyulub, sürgünlər, qətllər, həbslər tüğyan edib, ağzından od püskürən, gözlərindən qan daman imperiyaların caynaqlarının əsiri olub Azərbaycan. Yağılar tərəfindən yağmalanıb, məkrli niyyətlərin ünvanı olub, süfrələrə təam kimi gətirilib Azərbaycan.

Vətən qarşısında öz borcumu nədə görürəm

Sultan Hüseyn Bayqara şöhrət günəşinin üfüqə enən çağında Şah İsmayıl Xətaiyə səmimi bir məktub yazır və könlünü alma üçün ona rəqqasələr dəstəsi göndərir. Şah İsmayıl isə saray rəqqasələrinə baxıb başının bulayır və deyir: “Mənim eyş-işrətə vaxtım yoxdur. Mən vuruş adamıyam, gərək rahatlanmadan məmləkətimin ətrafına at cövlan etdirəm.” 
Bu sözləri xatırlayanda insan qəlbindən həzin bir titrəyiş keçir. Belə ruha, belə məsləyə heyran qalmamaq olmur. Kövrəlirsən, qürurlanırsan, fəxr edirsən öz keçmişinlə, ulu babamızın Xətainin odlu-alovlu qəlbi ilə, polad tək möhkəm Vətən qeyrəti ilə. Lakin bu güc, bu məram təkcə Şah İsmayıl Xətainindimi?  

Odlar Yurdu

Azərbaycan! Odlar yurdu! İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətəni. Tarixlərdə izi qalan, sözü qalan “ qoca Şərqin qapısı”, Nizamilər, Nəsimilər, Füzulilər, Vurğunlar, Cəfərlər, Üzeyirlər yetirən ana torpaq, sən nə qədər müqəddəssən, munissən, ülvisən, doğmasan.  
Azərbaycan! Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyəndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər. 

Milli qəhrəmanlarımız

Azərbaycan  xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kiməsə təcavüz etməyi özünə rəva görməmişdir. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Xalqımızın içərisindən əsr-əsr, qərinə-qərinə igid ərlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi Qaçaq Nəbi, Həcər kimi yüzlərlə, minlərlə qəhrəman oğul və qızları heç vaxt onu düşmənə baş əyməyə qoymamışdır. Son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşından Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz  təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.    

Torpaq - uğrunda ölən varsa vətəndir

Hər bir insanın qəlb evində ana kimi müqəddəsdir, ülvi və şirin bir hiss yaşayır. Bu, Vətənə olan  sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Mən mübaliğəyə varmadan deyərdim ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Vətən eşqi, Vətən sevgisi. Bəli, hər bir kəs dünyaya gözünü aşdığı ilk andan onu həyata gətirən qadın ananı görürsə, ilk qədəmlərinin Vətən torpağında atır və atdıqca da Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Günlər, aylar bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına bağlanır. 

İnsan insanın dostudur

İnsan  üçün ən müqəddəs hisslərdən biri də dostluqdur. Dostluq yer üzünün bütün insanları üçün sevinc dolu həyatdır, ən ülvi və saf mənəvi sərvətdir. İnsanı şadlandıran, onda gələcəyə böyük ümid doğuran, onu şərəflə ucaldan dostluq hissidir. Dostluq insanların könül sərvəti, qəlb nemətidir. Dostluq insanları bir-birinə yaxınlaşdıran qızıl körpüdür, qırılmaz əlaqədir.  
Dostluqdan min kitab yazılsa azdır,
Onun al bayrağı götürməz ləkə.
Dostluq könüllərdə səslənən sazdır,
Ucalır onunla bu el, bu oba. 

Qəhrəmanlar ölmürlər

İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona “Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. 
Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla cəlb etdiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın övladını torpaq özü götürməz. 

“Vətən mənə oğul desə nə dərdim” (M. Araz)

Azərbaycan! Mənim doğma vətənim! Sən mənə nə qədər əziz, nə qədər munissən. Mən səni öz canımdan da artıq sevirəm.  
Vətənə “Ana” deyirik. Bu kəlməyə hər kəs təkcə dilinin deyil, qəlbinin, hissiyyatının, idrakının, bir sözlə, varlığının bütün şirinliyini qatır. Həyatda kimsə həyat yoldaşından ayrılıb başqası ilə evlənə bilər, kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə, yeganəliyinə görə müqəddəsdir, ülvidir, Allahın Özü kimi birdir, təkcədir. Ananı seçmirlər, onu dəyişmək də olmaz. Ana ülvidir, safdır, doğmaların doğmasıdır. “Ana” dediyimiz Vətən də belədir. Onu da nə dəyişmək olar, nə də yenisini axtarmaq... Onu ancaq qorumaq, yolunda sipər olmaq gərəkdir. Çünki qorunmayan torpaqdan vətən olmaz.  

Onlar Vətən uğrunda vuruşmuşlar

Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal, ümdə arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın da əsas obyekti vətən torpağı, doğma el-obadır. Lakin azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının canı bahasına əldə edir.  
Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngavərlər vətənin azadlığı, zəhmətkeş xalqın rifahı naminə mübarizə aparmış, öz canlarını bu yolda qurban verməkdən çəkinməmişlər.  

Təbiəti qorumaq borcumuzdur

İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir. 
İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən daha çox mənfəət götürür, daha doğrusu, onu qırır, tökür, dağıdır, məhv edir, əvəzini isə çox az qaytarır.  

Yurdumuza bahar gəlir

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhval-ruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür.
Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu, Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar.            

Evdə valideynlərimə necə kömək edirəm

Mən öz valideynlərimi çox sevirəm. Xüsusən anamı dünyalar qədər, bəlkə daha artıq istəyirəm. Anam da çox sevir. Hər dəfə o, mənə “əziz balam” deyəndə elə bil dünyanı mənə bağışlayırlar. Doğrudan da, mən ana səsindən şirin bir musiqi, ana səsindən həzin bir melodiya təsəvvür edə bilmirəm. Hərdən mənə elə gəlir ki, bütün musiqilər, ən məşhur musiqi əsərləri ana səsi, ana laylası üstündə köklənib.          
Mən atamı da çox sevirəm. O, ailəmizin başçısı, böyüyüdür. Atam bizim hamımıza nəvazişlə, qayğıkeşliklə yanaşır, bizi çox sevir. Evin bütün çətin problemlərini atam həll edir. Açığını deyim ki, ailəmizin əksər problemləri onun üzərindədir.  

Vətəni sevmək nə deməkdir?

Vətən... Bu kəlmə nə qədər də mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir.            
Biz ana dedikdə vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən də bizə anamız qədər doğma, anamız qədər əzizdir. Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır. 
Laylasında anam mənə
Belə demiş dönə-dönə,
Bir anan mən, biri vətən
Yadda saxla bunları sən.

Ana dilim

Ana dili! Ana və dil kəlmələrinin ana dili söz birləşməsinə də ifadə etdikləri fikrin mahiyyətinə diqqət edək. Ana dili anamızın dili, hər bir insanı dünyaya gətirən müqəddəs bir varlığın dili, ayaqları altının hər bir kəsə behişt olduğu bir insanın dili, laylası ilə qanımıza, canımıza həyat sevgisi hopduran bir məxluqun dilidir. Doğma dilimiz. Soyumuzun, kökümüzün işlətdiyi dil… Bu  dil Azərbaycan dilidir, Vətən dilidir.     
Azərbaycan dili 45-50 milyonluq böyük bir millətin ana dilidir. Bir xalqın torpağı qədər dili də onun varlığının, mövcudluğunu şərtidir.

Şəhidlər

Bakının Dağüstü parkında möhtəşəm bir yerdə əbədi bir məşəl yanır. Bu məşəl canını Vətən yolunda qurban verərək Şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın əbədi ruhu, əbədi xatirəsidir.
Yüksəlişə can atmaq insanın təbiətindədir. O, doğulduğu andan tez boy atmaq, böyümək, ağıla-kamala dolmaq istəyir, öz bacarıq və qabiliyyətini, bilik və hünərini göstərməyə səy edir. Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir. Vətən yolunda canını fəda edən vətən övladı əslində ölmür, əksinə, ölümü ilə ölümsüzlük qazanır, şəhidlik adına yüksəlir. Bundan da böyük hünər, bundan da yüksək ucalıq ola bilərmi?!          

Haradan başlanır Vətən?

Doğma ocaqdan, al-əlvan diyardan, eldən-obadan və nəhayət insanın qəlbinin özündən başlanır Vətən! Ana Vətən! Saçlarına indi qar qonub sənin, başın üstı qara buludlar gəzişir, ürəyinə çalan-çarpaz Qarabağ dağı çəkilib.
Ey Vətən oğlu! Bu gün ağ birçəkli ana Vətən bizi haraylayır, bizi səsləyir. Axı biz Babəkin, Cavanşirin, Koroğlunun, Qaçaq Nəbinin, Həzinin, Mehdinin nəvələriyik, nənəmiz Nigarlar, Həcərlər, Tomrislər olub.
Azərbaycan xalqı hər zaman öz vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, vətəni canından əziz tutmuşdur. Bunu ulularımızın dediyi hikmətlər də sübut edir:

Azərbaycan mənim vətənimdir

Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.        
Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.         
Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsil vətəndaş ola bilməzsən.        

Novruz milli bayramımızdır - 2

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.         
Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni il həmin gündən başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi sayılan səməni qoyurlar.         

Musiqi beşiyi Qarabağ düşmən tapdağında


Kür-Araz mədəniyyətinin bəhrələndiyi əsas bölgələrdən biri də Qarabağdır. Aranlı-dağlı, bir ucu Mil düzündə, bir ucu Laçın, Kəlbəcər dağlarında, Qoşqar və Dəlidağda olan Qarabağ!

Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Qarabağ - Natəvanın, Vaqifin, Zakirin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyirin, Bülbülün, Xan Şuşinskinin, Qaryağdıoğlunun vətənidir. Qarabağ aranlı-dağlı bir diyardır. Günçıxandan-günbatana düzəngahlardan dağlara doğru gedəndə uzun müddət üfüqlərin düzlüyü adamı heyrətə salır. Bu düzlüyü kəndlərin, qocaman qovaqların yollar boyu uzanan sıraları pozur.  Qarabağın bütün yolları adamı Şuşaya – Qarabağın balaca hərisinə aparır. Çox təəssüf ki, bu yolların həsrəti bizi yandırıb yaxır.

Səadətə gedən yol əmək cəbhəsindən keçir

Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir. Xoşbəxtliyin, bəxt yarlığın açarı zəhmətdən, alın tərindədir. Səadətə, xoş günlərə gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir. Xalqımız arasında əməyə aid çoxlu gözəl atalar sözləri vardır. Bunlardan bəzilərinə diqqət yetirək:
İş insanın cövhəridir.
İşləməyən dişləməz.
Əmək xoşbəxtliyin açarıdır.
Zəhmət olmayan evdən tüstü çıxmaz.
İstəyirsən bol çörək,
Al əlinə bel kürək.

Kimlərə əsl vətənpərvər demək olar?

Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunları zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.

Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.

Həyatda kimdən nümunə götürmək istərdim

İnsan üçün ən yaxşı tərbiyə vasitələrindən biri şəxsi  nümunədir. Gördüyümüz, münasibətdə olduğumuz yaxşı adamlar, gözəl nümunəyə çevrilir, tərbiyə məktəbi olurlar. Biz belə insanlara oxşamağa çalışmaqla özümüzü tərbiyə edir, mənəvi yüksəlişə can atırıq.

Mənim həyatada ən sevimli şəxslərim öz müəllimlərimdir. Mən öz müəllimlərimi çox sevir və onlardan nümunə götürürəm. Bu həm də mənim müəllim sənətinə olan məhəbbətimdən irəli gəlir. Mən müəllimlik sənətindən şərəfli heç nə qəbul edə bilmirəm. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, “Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli vətənpərvər vətəndaşlar yetirir.” Bəli, bu, doğurdan da, belədir. Müəllim ömrü bir çırağa bənzər. Sönənə qədər bilik dolu hərarətini şagirdinin duyğularına, idrakına hopdurur. Müəllim ömrü bir Aya bənzər. O, şagirdin mənəvi dünyasındakı qaranlıqları öz işığı ilə əridir nə nurlandırır.
Dirilik suyudur hər kəlmən, inan,
Səadət tapıbdır onu eşidən kəs.
Yaxşı müəllimdən yaxşı dərs alan
Həyatda heç vədə büdrəyə bilməz.
Görkəmli şairimiz Cavad Cavadlının müəllim haqqında dediyi bu kəlmələr mənim ürəyimdən xəbər verir və bir şeyə inanıram ki, həqiqətən, yaxşı müəllimin pis şagirdi ola bilməz. Çünki yaxşı müəllim ən pis şagirdi belə öz təsiri altına alıb tərbiyə etməyə, onu əsl insana çevirməyə qadirdir. Mənim də müəllimlərim belə şəxslərdir. Onlar pərvanə tək başımıza dolanır, bizdən ötrü özlərini oda vurmaqdan çəkinmirlər. Onlar bizə öz doğma balaları kimi yanaşır, ağrımızı öz ağrıları, sevincimizi öz sevincləri kimi qəbul edirlər. Heç yadımdan çıxmaz. Ədəbiyyat müəllimimiz məni keçmiş dərsi danışmaq üçün lövhəyə çağırdı. Böyük şövqlə dərsi danışmağa başladım. Dərsi danışdıqca müəllimə fikir verirdim. Onun üzündə elə bir məmnunluq duyğusu, elə bir nur var idi ki, ona baxan şəxs onun həmin anda ən xoşbəxt insan olduğunu fikirləşərdi. Mənim dərsi yaxşı danışmağım müəllimi göyün yeddinci qatına qaldırmışdı. Belə müəllimi sevməmək, onu nümunə kimi qəbul etməmək mümkündürmü? Əsla yox .

Mən bu gün adi bir şagirdəm. Qəlbim  arzularla doludur. Gələcəkdə yazıçı ola bilsəm, öz şah əsərimi müəllimlərim haqqında yazacağam, heykəltəraş ola bilsəm, müəllimlərimin bütün daxili və xarici gözəlliklərini əks etdirməyə qadir olan bir müəllim heykəli yaradacağam, bir rəssam ola bilsəm, elə bir gözəl müəllim portreti çəkəcəyəm ki, baxan kimi hamı onun öz ülvi əməlləri ilə məlakələrdən yüksəkdə durduğunu görə bisin.
Qara saçlarına düşən ağ dənin
Hamısı zəhmətdən gəlibdir başa
Hara baxıramsa, müəllim, sənin,
Arzunu günəşlə görürəm qoşa.

“Qalx ayağa, Azərbaycan!” (M.Araz)

Qədim və şanlı tarixi olan Odlar yurdu Azərbaycan öz təbii və mənəvi sərvətləri ilə həmişə zəngin və səxavətli olmuşdu. Onun bitib-tükənməyən qara qızılı, kəhrəba buğdası, dadlı-ləzzətli meyvələri, sərin, şəfalı yaylaqları hamını heyrətə gətirmişdir. Neçə-neçə  xalqın görkəmli elm və sənət xadimləri yurdumuz qarış-qarış gəzmiş, bu möcüzələr aləminin gözəlliklərinə vurğun kəsilərək, əsrlər boyu onu ürək və ilhamla tərənnüm etmişlər.

Bəli, təbiət öz bolluğunu və səxavətini heç vaxt bu torpaqdan əsirgəməmişdir. Bu torpağın insanları da dost ürəkli, qonaqsevərdirlər. Onlar son tikələrini də dostla bölməyə, özləri çətinə düşsələr də, başqasını çətinlikdən qurtarmağa hazırdırlar. Amma nə edəsən ki, təbiətin səxavəti, yurdumuzun sərvəti, eləcə də, xalqımızın kin-küdurətsiz saf qəlbi həmişə başımıza bəla olmuş,  çox vaxt dost dediyimiz kəslərdə naxələflik görmüşük. Çörəyimizi yeyib suyumuzu içən, üzdə özünü dost kimi göstərib daxildə türkə qənim kəsilən alçaq xislətli erməniləri tanımamış,onların xəbis niyyətlərindən xəbər tutmamışıq. “ Böyük Ermənistan” xülyasına qapılan ermənilər Rusiya imperiyasına arxalanaraq doğma yurdumuzun iyirmi faiz ərazisini qəsb etmiş, bir milyon yurddaşımızı öz torpaqlarından qovaraq qaçqına çevirmişlər. Qarabağımıza, Cıdır düzünə, İsa bulağına həsrət qalmışıq.

Əzilmişik, amma üzülməmişik. Qəhrəman oğulları, qeyrətli qızları olan bir xalq heç zaman sına bilməz, əyilə bilməz. Çox keçməyəcək ki, Azərbaycan oğlu kükrəyərək yerindən qalxacaq, əsl hərb meydanını düşmənə göstərəcəkdir. Ya odlara yanmalı, ya da Vətənimiz Azərbaycanın ən dilbər guşəsi olan Qarabağı yağı əlindən xilas etməliyik. Ya şəhid olmalı, ya da Koroğlu cəsarətini, Babək vüqarını düşmənə göstərməliyik.
Millətimiz öz yurdunda əsir-yesir,
Bu musibət ürəklərdə sanki bir dağ,
Ayağa dur, Vətən oğlu, bayrağını
Düşməninin düz gözünün içinə çax!
Biz bu günün şagirdi, sabahın müstəqil dövlət qurucularıyıq. Ürəkdən inanırıq ki, çox tezliklə torpaqlarımız yağı əsarətindən xilas ediləcək, düşmən üzərində qələbə qazanılacaqdır. Bu qələbədə isə biz də iştirak edəcəyik. Biz vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və mədəni-siyasi həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizə güvənir və bizdən hünərlər gözləyir.

Mən Vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da, qanımdan da keçməyə hazıram. Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Əgər bu ürək:
Vətənimçin lazım gəlsə,
Polad kimi gərilməsə,
Torpağına sərilməsə,
Demək, o heç üərk deyil,
O heç mənə gərək deyil.

Çörək əzəldən elin varı sayılıb

Xalqımızda çox gözəl bir adət var. Böyüklər həmişə kiçiklərə nəsihət edərlər ki, yerdə çörək parçası görəndə onu qaldırıb öpmək və uca bir yerə qoymaq lazımdır. Bizdə əsl dostluğu da çörək kəsməklə başlayır, and içəndə də çörəyə and içərlər. Bütün bunlar göstərir ki, xalıqmız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi qiymət verir və onu uca tutur.

İnsanlara çörək qədər olan başqa olan bir nemət yoxdur. Azərbaycan xalqı ən qədim zamanlardan çörəyə ehtiramla yanaşmış, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılamışdır.

Çörək əvəzedilməz nemətdir. Hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrənin şahıdır. Çörəksiz ən böyük qonaqlıq da insanı doydura bilməz. Çörək elin varı, elin sərvətidir. Çörəyə xor baxmaq, onu ayaq altda atmaq, tullamaq, diz üstdə bölmək ən böyük günah sayılır.        
Dadlı, bərəkətlidir,
Çiçək təravətlidir,
Dünyada şöhrətlidir,
Azərbaycan çörəyi!
Onu ancaq mərdlə kəs,
Hümmətin bilsə hər kəs,
Diz üstündə bölünməz
Azərbaycan çörəyi!
Çörək həyatdır, çörək yaşayışdır. Çörək olan yerdə gülüş də var, mahnı da var, oyun da var. Çörəyi bol olan xalqa zaval yoxdur, o, heç vaxt basılmaz. Böyük şairimiz Səməd Vurğun çox gözəl demişdir:
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən!
Görkəmli rus alimi A.K.Timirzayev demişdir: “Çörək insan zəkasının ən böyük kəşfidir.” Deməli, bu kəşfin sayəsində hasil olan çörəyə ehtiram göstərmək, onu uca tutmaq bizim hər birimizin müqəddəs borcudur.
Çörəyi tapdalamaq, ona xor baxmaq olmaz. Çörəyi bilmədən tapdaladıqda onu öpərək göz üstə qoymaq lazımdır. Ata-babalarımız deyiblər ki, çörəyə xor baxan, ona hörmətsizlik edən adamın evində heç vaxt bolluq olmaz. Çünki çörəyə hörmətsizlik evin bərəkətini qaçırır.
Çörəyə ver çörəkçiyə,
Birini də üstəlik.
Çörək müqəddəs nemətdir.
Çörək verən ol, çörək kəsən olma.
Çörək verən əli kəsməzlər.
İstəyirsən bol çörək,
Al əlinə bel, kürək.
Duz-çörəyi itirmək günahdır.
Verilən el sözləri bir daha göstərir ki, xalq həmişə çörəyi müqəddəs hesab etmiş və ona hörmətlə yanaşmışdır. Çörəyi uca tutmaq və qorumaq hamımızın borcudur. Mən arzu edirəm ki, dəyirmanlarımız həmişə taxıllı, çuvallarımız unlu, təknələrimiz çörəkli olsun.

“Bilsin ana torpaq eşitsin Vətən! Müsəlləh əsgərəm mən də bu gündən.” (S.Vurğun)

Bu mövzuda inşa yazmalıyam. İlk növbədə fikirləşirəm ki, Səməd Vurğundan götürülmüş bu misraların inşa mövzusu kimi verilməsi nə üçündür? Ani olaraq bu sualın cavabı elə sual şəklində də beynimdə dolaşır: “Doğma diyarımızın beşdən bir hissəsi düşmən tapdağı altında olduğu bir vaxtda, bundan da aktual mövzu ola bilərmi?”

Böyük şairimizin “Vətən keşiyində” adlı şeirindən götürülmüş bu misralar xalq şairinin Vətən, xalq qarşısında əsgəri andı idi. Bu gün isə bu, bütün Azərbaycan xalqının, qeyrətli oğul və qızlarımızın Vətən qarşısındakı andıdır, niskili Qarabağımızın qarşısındakı əhdi, ilqarıdır. Vətəni müdafiə ideyası bizim hər birimizin mübarizə və qələbə devizidir, həyat bayrağımızdır.

Vətən məhəbbəti, vətənpərvərlik haqqında danışarkən S. Vurğunun bu sözləri yada düşür: “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar.”

Vətən müqəddəsdir, Vətən pakdır, Vətən ülvidir. Vətən sevənlərin gözü tək safdır, aydan arı, sudan durudur. Vətən ana südü qədər şirin, ana qucağı tək isti, ana nəfəsi kimi doğmadır, əzizdir.

Bir filmdə eşitdiyim söz heç yadımdan çıxmır: “Demə ki, Vətən mənim üçün nə edib, de ki, mən Vətən üçün nə etmişəm.” Doğrudan da, çox gözəl sözlərdir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də bizik, Vətən övladlarıyıq. Vətənimiz Azərbaycan özünün mürəkkəb və çətin dövrünü yaşayır. Ulu torpaqlarımızın beşdən bir hissəsi yağı əlindədir. Bir milyon yurddaşımız miskin qaçqın həyatı keçirir. Lakin Azərbaycan xalqı heç vaxt ruhdan düşməmişdir və biz ürəkdən inanırıq ki, çox tez bir zamanda torpaqlarımız azad ediləcək, mənfur düşmən üzərində qələbə qazanılacaqdır. Bu qələbədə isə biz də iştirak edəcəyik. Biz Vətənə borcumuzu bu gün oxumaqla, sabah isə müstəqil Azərbaycan ordusunda vuruşmaqla, iqtisadiyyatın və ictimai-mədəni həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu, bizim şərəfli işimiz, vətəndaşlıq borcumuzdur. Vətən bizdən hünərlər gözləyir.
Sahibsiz olan bir Vətənin
                 batması haqdır,
Yolunda can qoysaq, bu Vətən
                 batmayacaqdır.
Qəlbimizin nuru, ziyası,
                 gözüdür Vətən,
Bu Vətən qələbə müjdəsi
                 gözləyir bizdən!

İnsan əməklə ucalır

Hələ lap qədim zamanlardan əmək bəşər həyatının əsasını təşkil etmiş, insanın məhz insan kimi formalaşmasında həlledici mahiyyət daşımışdır. İbtidai insanlar zəruri faydalı əməklə məşğul olmuş və öz tələbatlarını onunla ödəmiş, zəruri yaşayış nemətlərini, əşyalarını onunla əldə etmişlər.

Əmək insan həyatının əsasını təşkil edir. Təsadüfi deyil ki, tarix boyu xalq arasında əməyə dair çoxlu atalar sözü və məsəllər yaranmış, bir çox sənətkarlarımız öz əsərlərində əməyi tərənnüm etmiş, əməkçi insan surətləri yaratmış, əməyin xariqələr yaradan qüdrətindən bəhs etmişlər.

“İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Əmək xoşbəxtliyin açarıdır” və s. kimi hikmətli kəlamlar çox maraqlı xalq deyimləridir. Dahi şairimiz Nizmi Gəncəvi öz əsərlərində əmək adamlarını dərin məhəbbətlə təsvir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəti çox maraqlıdır. Burada göstərilir ki, Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış. O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocanın yanına gələrək bir qarın çörək üçün belə bir ağır zəhmət tələb edən işlə məşğul olmamasını ona məsləhət bilir. Qoca kişi cavan oğlanın məsləhətindən narazı qalaraq ona belə cavab verir:
Cavansan, belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə.
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac.
Onun üçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.
Qocanın haqlı və ədalətli sözləri gəncə çox böyük təsir göstərir və o, hərəkətindən peşman olaraq üzr istəyərək çıxır gedir.

Nizaminin qocanın dili ilə dediyi sözlərdən göründüyü kimi, şair əməyə insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır. Nizami həyatın mənasını zəhmətdə görür və göstərir ki, insan gərək əməyi sevsin və bununla da ən fəal insanların cərgəsinə daxil olsun. Zəhmətə alışmış hər kəs həyatın da əsl mənasını və gözəlliyini dərk edə bilər.

Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. Ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır. Bu adamların hamısı öz əməkləri ilə ucalmış, cəmiyyətimizin adlı-sanlı adamlarına çevrilmişlər. Mən əminəm ki, vətənimiz həmişə şərəfli əməklə ucalacaq, tərəqqi edəcəkdir.

Ən çox sevdiyim şair

Poeziya bir aləmdir, əsl şair isə onun nurlu günəşi. Şair qəlbi nurlu olur. Həqiqi şair dünyanı işıq selində, işıq içində görür. Sevimli şairimiz Hüseyn Arif kimi.

Hüseyn Arif poetik dünyasına vurğun olduğum bir şairdir. Onun qəlbi və həyata baxışı nurlu, əsərləri günəş tək hərarətli, yaz yağışı qədər həzindir. Hüseyn Arif qəlblərdə məskən salan, könüllərə işıq saçan əbədi bir xatirədir.

Hüseyn Arif poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlilik məziyyətlərini itirər. Hüseyn Arifin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onun yeni şəkildə mənalandırmaq qüdrətinə malik bir sənətkardır. Onun şeirlərini oxuduqca misralar sanki ana südü kimi, bulaq suyu kimi içilir, mənəviyyatımız nurla, şəfəqlə qidalanır.

Hüseyn Arif öz şeirlərində vətənin ucsuz-bucaqsız düzlərindən, başı göyləri dələn dağlarından, dibi gün görməyən meşələrindən, buz bulaqlarından, əzəmətli quruculuq meydanlarından söz açır, xınalı qayaları, naxışlı daşları, Koroğlu nişanəli, Cavanşir izli yalçın qayaları, laləli, nərgizli çəmənləri böyük iftixar hissi ilə vəsf edir.
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım?
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım?
Hüseyn Arif şair qarşısında, söz sənəti qarşısında yüksək vəzifələr qoyur. O göstərir ki, şeir asan yaranmır, şair qəlbi ümman kimi çağlamalı, şimşək kimi parlamalı, daim axtarışda olmalı, yazmalı, yaratmalıdır. Hüseyn Arif şairi, şair qəlbini dərdlilərin ümid yeri, sirdaşı, loğmanı, təbibi, dayağı bilir, sənətkarı bir vətəndaş kimi Vətən, el, bəşəriyyət uğrunda, kamillik uğrunda mübarizəyə səsləyir:
Bir xalqın dilidir, bir şeirin dili,
Dövrdür, əsrdir, əyyamdır şair...
Ağac alışsa, bir ocaq,
Şair yansa, bir el yanar...
Bir şair ordusu qalxsa ayağa,
Ağ evin üstünə min zülmət çökər.
Hüseyn Arif daha çox təbiət və gözəllik şairidir. O, adi yoncanı, yovşanı, yarpızı Vətənin bir zərrəsi kimi sevir, əzizləyir, adi yovşan kolunun qoynunda şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir.
A Yonca, a Yovşan, bircə gün sizi,
Unutsam, bilin ki, unudulmuşam.
Təbiət və təbiətin insanlara bəxş etdiyi nemətlər Hüseyn Arifin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkir. Təbiətə vurğunluğunun nəticəsidir ki, şair öz ad günündə də sevimli obrazlarını - dağ kəlini, ceyranı, cüyürü unutmur:
Deyirəm: - Görəsən, bu ad günümdə
Dağ kəli yadına məni salarmı?
Hüseyn Arif təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu qəfil baş verən hay-harayını da sevir və onlara dözməyi bacarır. O, təkcə təbiətin deyil, istehsalatın, zəhmətin, ucsuz-bucaqsız tarlaların mehini, ətrini şeirə gətirir, insan zəhmətinə yüksək qiymət verir, qurub-yaradan insanları, böyük sənət və yarış dostlarını sənətin dili ilə alqışlayır:
Neçə yarış meydanında saz tutub
Neçə zəfər müjdələri gətirdim.
Nəfəsimlə Azərbaycan elindən
Tarla mehi, zavod ətri gətirdim.
Mən Hüseyn Arif poeziyasını çox sevirəm və inanıram ki, bu lirik söz xəzinəsi əsrlərlə yaşayacaq, öz müəllifini şöhrətləndirəcəkdir.

Mənim arzum

İnsan həyatı boyu arzularla yaşayır. Arzudan arzu doğur. Bir arzu həyata keçdimi, ikinci bir arzu yaranır, sonra yenisi, sonra daha yenisi və həyat da bu arzularla davam edir.

Mənim də qəlbimdə arzularım çoxdur. Ən böyük arzum isə həkim olmaq, insanların can sağlığının keşiyində durmaqdır. Həkimlik çox gözəl sənətdir. Həkimlər, demək olar ki, bütün şüurlu həyatlarını insanların sağlamlığının qorunmasına sərf edirlər. Bundan yaxşı, bundan nəcib nə iş ola bilər?

Doğrudur, sənətlər, peşələr  arasında fərq qoymaq, “bu yaxşıdır”, “bu pisdir” – deyə onları bir-birinə qarşı qoymaq düzgün olmaz. Çünki, atalar demişkən: “Sənətin pisi olmaz, sənətkarın pisi olar”. Hər kəsə öz sevdiyi sənət yaxşıdır. Lakin mən lap uşaqlıqdan həkimlik sənətini sevirəm. Deyirlər ki, hələ lap bağça yaşımda olanda ata-anamdan ad günümə həkimlər geyinən ağ xalatdan almağı xahiş etmiş və gələcəkdə həkim olacağımı söyləmişəm.

Mənim həkimlik sənətinə vurğunluğum heç də səbəbsiz deyil. Bir neçə ilk bundan əvvəl anam bərk xəstələnmişdi. Vəziyyəti çox ağır idi. Evimizə hər gün axın-axın adam gəlirdi. Ağ xalatlı nurani bir qadın da hər gün anam baş çəkir, onun boğazını, bədənini yoxlayırdı. Bu, həkim idi. Anamın həkimi. Hər dəfə onu görəndə istəyirdim yaxınlaşım, ona yalvarım, xahiş edim ki, anamı mənə qaytarsın, onu tez sağaltsın. Axı anamsız mən yaşaya bilməzdim. Həkim də çox gözəl insan idi. Məni sözsüz başa düşürdü. Hər dəfə onu yola salanda başımı sığallayır, deyirdi ki, narahat olam, ana tezliklə ayağa qalxacaq.

Doğrudan da, az vaxtdan sonra anam sağalıb ayağa durdu. Həmin gündən mənim həkimlərə rəğbətim daha da artdı və həkim olmaq arzum gücləndi.

Bu gün mən hələ adi şagirdəm. Mən də öz arzuma çatmaq üçün dərslərimi yaxşı oxuyur, müəllimlərimin verdiyi bütün tapşırıqları yerinə yetirəyə çalışıram. Mən bilirəmki, xəstələrin sevimlisi olmaq, onlara şəfa vermək üçün yaxşı oxumaq, tibb elminə yiyələnmək lazımdır. Müstəqil Azərbaycanımda hamının təhsil hüququ vardır və ali təhsil almaq üçün çalışmaq, oxumaq, biliklərə yiyələnmək lazımdır. Mən heç bir çətinlikdən qorxmuram və arzuma çatmaq üçün bütün əziyyətlərə can-başla qəbul etməyə hazıram.
Arzuyla doludur qəlbim hər zaman,
Qoy onsuz keçməsin ömrüm bircə an.
Deyin, ondan şirin həyatda nə var?
Gəncliyi yaşadan, qanadlandıran
Arzulardır...Arzulardır..Arzulardır!

“Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz...” (N.Gəncəvi) - 2

Elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elmlə məşğul axtarmaq isə gözəlliyin sorağında gəzmək, onu kəşf etmək deməkdir. Çünki həqiqətən gözəllikdən, gözəllik isə həqiqətdən ayrı deyildir. Gözəlik duyğusu varlığın inikası, mövcud həqiqətin idrakıdır. İnsan bütün varlığı ilə gözəlliyə can atır və deməli, həqiqi gözəlliyi duymaq, dərk etmək üçün elm öyrənmək vacibdir.

Elm həm də dünyagörüşüdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər.

Hələ XII əsrdə dahi şairimiz Nizami Gəncəvi elmin insan həyatındakı əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirmiş, öz əsərlərində bir sıra elmi məsələlərə toxunmuşdur. Şairin fikrincə, adamlar elmin gücü ilə qələbə çalıb müvəffəqiyyət qazana bilərlər. Nizami elmə, elm adamına olan yüksək münasibətini öz qəhrəmanı İsgəndərin dili ilə belə verir:
O böyük, ağıllı, ayıq hökmdar
Öz şahlıq taxtında tutarkənqərar,
Əmr etdi, verildi belə bir fərman:
“Alimdir gözümdə ən əziz insan
Elmlə, hünərlə! Başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.”
Ata-babalarımız da elmə, elm adamına həmişə yüksək qiymət vermiş, ehtiramla yanaşmışdır. Bunu ulularımızın elm haqqındakı hikmətli kəlamlara da sübut edir:
Elm ağlın çırağıdır.
Elm elə bir xəzinədir ki, nə qədər sərf etsən, bir o qədər artır.
Elm öz sahibinə böyük zinətdir.
Elmsiz adam meyvəsiz ağac kimidir.
Müasir dövrümüz yüksək texnika dövrü, yüksək sivilizasiya dövrüdür. Bu dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb olunur. Elm və bilik isə yalnız oxumaqla, öyrənməklə əldə edilir.

Bu gün mən parta arxasında əyləşərək sevimli müəllimlərimdən elmin dərinliklərini öyrənir, bilik əldə edirəm. Bilirəm ki, elm, bilik böyük qüvvədir, gələcək yüksək ixtisasların özülüdür. Ona görə də çalışıram ki, müəllimlərimin verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirim, onlara  diqqətlə qulaq asım, çoxlu elmi kitablar oxuyum. Ancaq elmli, bilikli olduğum təqdirdə mən başqalarından üstün ola bilərəm. Mən isə, həqiqətən, üstün olmaq,öz biliyimlə, bacarığımla tanınmaq istəyirəm.